Sübh
00:00
Zöhr
00:00
Əsr
00:00
Şam
00:00
Xiftən
00:00


Sual & Cavab
Dua
Peyğəmbərimiz
Əhli-Beyt
Namaz
Xutbələr
Hədis
Zikrlər
Əqidə
Şəriət
Əxlaq
Elm
Ailə
Tarix
Aktual
Araşdırmalar
Uşaqlarınıza oxuyun
İmamət
Müqəddəs

Əhli-Beyt (ə)


Hər bir xalqın, millətin həyatında onun dini və mənəvi aləmi bitib tükənməyən İlahi bir nemət sayılır. Yarandığı bir gündən İslam dini və onun müqəddəs kitabı olan Qurani-Kərim bütün insanların müqəddəratında böyük əhəmiyyətə malik olmuşdur. Qurani-Kərim ən yüksək mənəvi dəyərləri və ruhani inciləri özündə əks etdirən müqəddəs kəlamlar mənbəyidir. Əziz peyğəmbərimiz Məhəmməd (s) və onun pak Əhli-Beyti bu yüksək dəyərləri və incəlikləri sadə dildə, gözəl bəyanla Allahın müqəddəs kəlamlarını olduğu kimi insanlara çatdıran ali və bizim məqamını dərk edə bilmədiyimiz məsumlar olmuşdur. Neç təsadüfü deyil ki, Qurani Kərimdə peyğəmbər və Əhli-Beyt haqda yüzlərlə ayə nazil olmuşdur. Mövlamız Əli (ə) haqda Qura-ni kərimdə 360-a qədər ayə nazil olduğu məlumdur. Bu isə Əlinin (ə) Allah dərgahında ən uca məqama malik olduğunu sübut edən ən canlı şahiddir. Bu möhtəşəm və şərəfli surə və ayələrdən biri də Qurani Kərimin «Dərh və ya insan» surəsidir. Allah taala bu surənin 8, 9-cu ayələrində buyurur: «Onlar öz iştahları çəkdiyi, özləri yemək istədikləri halda və ya Allahın rizasını qazanmaq uğrunda yeməyi yoxsula, yetimə və əsirə yedirərdilər. Sonra da yedirtdikləri kimsələrə belə deyərlər: «Biz sizi ancaq Allah rizasından ötrü yedirtdik. Biz sizdən bu ehsan müqabilində nə bir mükafat, nə də bir təşəkkür istəyirik».

Bu müqəddəs ayələrdə Qurani-Kərim Əhli-Beytin (ə) barəsində söhbət açaraq onları fədakarlıq və təqvanın ən üstün mərtəbəsinə malik olmalarını göstərir. Bir çox İslam təfsirçiləri surəni Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseynə (ə) bağlayırlar. Böyük ustad Zəməxşəri isə bu ayələrin təfsirində belə yazır: İbni Abbas nəql etmişdi: «Bir gün İmam Həsən (ə) və İmam Hüseyn (ə) xəstələnmişdi. Peyğəmbər (s) bir dəstə əshabı ilə onlara baş çəkməyə gəldi. Peyğəmbər (s) Əli (ə) müraciət edərək dedi: «Ey Əbul Həsən! Kaş uşaqlarının şəfa tapması üçün nəzr edəsən». Əli (ə) bu təkliyi məmuniyyətlə qəbul etdi və üstəlik Həzrəti Fatimə (ə) və onların xidmətçiləri Fizzə də uşaqların sağalmağı təqdirində üç gün oruc tutmağı nəzr etdilər. Namaz qılıb dua etdilər. Allahdan şəfa istmədilər. Uşaqlar şəfa tapıb sağaldılar. Lakin o günlərdə Əli (ə) evində iftar etmək üçün ərzaq qıtlığı var idi. Odur ki, gedib Xeybər yəhudilərindən olan Şəmun adlı bir tanışından bir qədər arpa borc aldı. Fatimə (ə) onun üçdən bir hissəsini üyüdüb un etdi. Ailə üzvlərinin sayı qədər çörək bişirdi. İftar vaxtı çörəkləri süfrəyə qoyub yeməyə hazırlaşdılar. Bu vaxt bir fəqir qapını döyüb evdəkilərə belə dedi: «Sizə salam olsun, ey Məhəmmədin (s) Əhli-Beyti. Mən bir müsəlmanam, fəqirəm. Mənə yemək verin. Allah sizi cənnət süfrələrində yedizdirsin». Bu sözləri eşidən Əhli-Beyt (ə) fədakarlıq edib süfrədə olan çörəklərin hamısını ona verdilər. Özləri isə su ilə iftar edib gecəni belə keçirdilər. Sabahısı gün ac olduqları halda yenə oruc tutdular. Axşam iftar etmək üçün süfrə başına yığılmışdılar ki, yenə qapı döyüldü. Bir yetim şəxs qapıya gəlib yemək istədi. Süfrədə olan yeməkləri o yetimə verdilər. Özləri yenə su ilə iftar etdilər. Üçüncü gün iftar vaxtı qapıya bir əsir gəlib yemək istədi. Bu pak müqəddəs, məsum şəxsiyyətlər bu dəfə də yeməklərini o əsirə verdilər...

Ertəsi gün Həzrət Əli (ə) oğlanları İmam Həsən (ə) və İmam Hüseyn (ə) birlikdə Həzrəti Peyğəmbər (s) hüzuruna gəldilər. Peyğəmbər (s) onların acından titrədiklərini görüb buyurdu: Sizi bu hala kim salıb. Şəfa tapdığınız üçün Allaha şükr edirəm. Gördü ki, qızı Fatimə (ə) zəifləyib və gözləri çuxura düşüb, elə bu halda da mehrabda ibadət edir. Bu vaxt Cəbrail (ə) nazil olub dedi: Ya Məhəmməd! Allah taala sənin belə bir Əhli-Beytin (ə) olduğu üçün təbrik edir. Sonra «İnsan» surəsi nazil oldu. Bu ayə bir çox alimlərin və əksər təfsirçilərin rəyinə görə Əhli-Beyt (ə), Əli (ə) , Həsən (ə), Hüseyn (ə) və Fatimə (ə) haqqında nazil olmuşdur. Qurani Kərimdə Əli (ə) və onun ailəsi haqda bir çox ayələr vardır ki, onlardan biri də «Ərrəhman» surəsinin 22-ci ayəsidir. Ayeyi şərifdə yazılır: «Suları acı və şirin olan iki dənizi bir-birinə qovuşmaq üçün açıb buraxdı. Amma onların arasında maniə vardır, bir-birinə qovuşmazlar. Özləri üçün müəyyən edilmiş həddi aşmazlar. O, iki dənizdən inci və mərcan çıxar».

İmam Sadiq (ə)-dan nəql olunan bir hədisdə deyilir ki, Həzrət bu ayənin təfsirində buyurmuşdur: «Əli və Fatimə iki dərin dənizdirlər ki, onların heç biri digərinin haqqına təcavüz etmir. Bu iki dənizdən isə inci və mərcan yəni Həsən və Hüseyn xaric olmuşlar. Təfsirçilərin yazdığına görə iki dənizdən məqsəd Əli (ə) və Fatimə (ə). İki qoşa dəniz yaratdıq, yəni hədislərdə var ki, Əli (ə) və Fatimə (ə) məhz bir-biri üçün yaranmışlar. Nə qədər ki, onların kəbini yox idi bir-biri ilə birləş bilmirdilər. Necə ki, o qoşa yaranmış dənizin suları bir-birinə qovuşa bilmirdilər. Sonra dənizin suları birləşdi və o dənizin dibindən inci və mərcan xaric oldu. Nə vaxt ki, Əli (ə) və Fatimə (ə) kəbinləri oxundu. Onlar birləşdi. Bu birləşmədən Həsən və Hüseyn kimi inci və mərcan yarandı».
«Dürrül-mənsur» təfsirində də elə bu məna bəzi səhabə tərəfindən Peyğəmbərdən (s) nəql olunmuşdur.

Mərhum Təbərsi də özünün «Məcməul-bəyan» təfsirində bunu qeyd etmişdir. Təfsirçilərin yazdıqlarına görə bilirik ki, Qurani Kərimin batini mənaları da vardır. Elə buna görə də bir ayənin bir neçə mənasının olması mümkündür. Bu hədisdə qeyd olunanlar da Quranın batini mənalarındandır ki, zahiri mənası ilə heç bir ziddiyyəti yoxdur. Əli (ə) və onun pak ailəsi haqda nə qədər yazılsa da yenə azdır, onları təsvir etməyə heç bir qələm qadir deyil. Bu yazını isə dua etməklə sona çatdırırıq.
İlahi, Sən Cəlal və Kərəm sahibisən!
Səni Kərəm və Cəlalına and veririk ki, bizi behiştin bəxşiş və nemətlərindən məhrum etməyəsən!
Pərvərdigara, rəhmətin çox genişdir. Biz isə ona layiq əməli yerinə yetirməmişik. Bizimlə Öz rəhmaniyyət məqamına layiq davran!
İlahi, Sənin nemətlərinin heç birini yalan sayıb təkzib etmirik. Özümüzü Sənin ehsan və gözəlliklərində qərq olub batmış sanırıq. Onları bizim üçün davam etdir!
Amin, ya Rabbəl aləmin!
Vəssəlamu əleykum və rəhmətullahi və bərakətuh.




Rəylər




Rəy bildir