Sübh
00:00
Zöhr
00:00
Əsr
00:00
Şam
00:00
Xiftən
00:00


Sual & Cavab
Dua
Peyğəmbərimiz
Əhli-Beyt
Namaz
Xutbələr
Hədis
Zikrlər
Əqidə
Şəriət
Əxlaq
Elm
Ailə
Tarix
Aktual
Araşdırmalar
Uşaqlarınıza oxuyun
İmamət
Müqəddəs

ATA MİRASI


Ərafa - Adəmlə Həvvanın görüş yeri.
Kəbə - Adəmin insanlığa “EV” mirası.
Səfa və Mərvə təpələri - Hacərlə İbrahimin ayrılıq məkanı. 

Hacər, hicrətin gəlini.
İbrahim, atəşin qənimi.
İsmayıl, qurbanlığın simvolu.

Adəm insanlığın ilk evini tikdi. Bizə “ev” anlayışını miras qoydu. 
Adəm yasaq olmayan cənnətə gedə bilmək üçün yasaq olan cənnətindən hicrət etdi. Ərafada Həvvasına qovuşdu. Orda məskən saldı və insanlığa, - bütün varislərinə, - bir ev miras qoydu. Kəbə hər kəsin "ATA YURDU" oldu...

İbrahim İsmayılla onu bərpa etdi və mirasımıza sahib çıxmağı öyrətdi bizə.
Və bir də bütün varisləri ata yurduna, - başlanğıca, - dəvət etdi…
Bizi tarixə səyahət etməyə səslədi. Evin nə demək olduğunu anlamağımızı istədi… 

Bir gün Hacər də hicrət etdi…
İbrahim Rəbbinin əmri ilə iki ciyərparəsini o torpaqlarda əmanət olaraq qoyub getdi. İnsan yaşamayan, quş uçmayan, tikan belə bitməyən bu ərazilərə İbrahim ailəsi sahib çıxdı. Ata ocağının işığını yandırdı. Və bütün insanları bu işığa səslədi…

Hacər hicrətə yola çıxdı…
Sevdiklərinin xətiri üçün bu rolu oynadı.
Rəbbini sevirdi. Qədərinə təslim oldu.
İbrahimini sevirdi. Ona qarşı çıxmadı. Onu tənha bir səhrada qoyub gedərkən ağlamadı, sızlamadı… Arxasında buraxdığı rahat yaşayışı üçün üsyan etmədi.
İsmayılını sevirdi. Onu qorumaq üçün “say” etdi. Durmadan, dayanmadan, usanmadan. Suyu tapana qədər yoruldum, usandım, bezdim demədi. “Say” edə bilən hər kəsə “sonunda zəm-zəm” var mesajını verdi. Zəm-zəm artıq kəşf olunub. Yeri də bəllidir. Amma nə qəribədir ki, say etmədən zəm-zəm içilmir. Zəm-zəmə qovuşmaq üçün Hacərin rolunu oynamaq vacibdir. Zəm-zəm zəhmətlə əldə olunan nemətdir. Qədri bilinməsi, dəyəri anlaşılması üçün “qaçış” lazımdır. 

Adəm atamız bizə Kəbəni miras qoydu.
Hacər anamız Zəm-zəmi…

İbrahim onu Rəbbinə əmanət edib getmişdi. Hacər də ciyərparəsini Rəbbinə əmanət edərək Səfa – Mərva təpələri arasında axtarışa çıxdı. Onu Hicrətə yollayan Rəbbi onu kimsəsiz və çarəsiz buraxmayacaqdı. Hacər bunu bilirdi. Lakin göylərdən möcüzə gözləmirdi. Onun üçün təslimiyyət ətalət deyil, hərəkət idi. Su axtarışına çıxmaqla sanki Rəbbinin qədərinə təslim olduğunu bəyan etdi: "Buraya göndərilməm məsləhətdirsə, deməli burada mənim də, övladımın da yaşayışı üçün ehtiyacımızı ödəyəcək qədər ruzi də var" deyə düşündü. Hacər, o ruzini özü üçün deyil insanlıq üçün axtarırdı. Ona görə də Zəm-zəm bütün insanlığın otraq mirasıdır. Kəbə kimi…

Zəm-zəmin kəşfi ilə İbrahimin duası da gerçəkləşmiş oldu: "Rəbbim! Mən nəslimi Sənin müqəddəs evinin yanına, əkinçiliyə əlverişsiz bir vadiyə yerləşdirdim. Rəbbim! Qulluq etsinlər deyə, belə etdim. İnsanların könüllərini onlara meyl etdir. Şükür etmələri üçün onları məhsullarla ruziləndir". [Həcc,37]
İllər sonra geri qayıdan İbrahim bu vadidə tənha buraxdığı ailəsinin Rəbbi tərəfindən necə qorunduğuna şahid oldu: Rəbbi onun duasını qəbul etmiş, “insanların könüllərini onlar meyl etdirmişdir.”
Artıq Həcər tək deyildi. Zəm-zəmə qovuşmaqla Hacər tənhalığın “daşını atdı”. Daha heç bir zaman tək olmadı...

O müqəddəs torpaqlara gedən hər kəs Hacər olur, Səfa-Mərvə arasında su axtarır. İllərin onun üzərində buraxdığı hisini, kirini, pasını təmizləmək üçün “zəm-zəm” axtarışına çıxır. Bəzən o su “göz yaşı” olur, üzündən qəlbinə axır, zəm-zəmə qarışır... Bütün günahlarını o göz yaşı yuyur, "Hacər" olub günahdan savaba hicrət edir. Bəzən o su “alın təri” olur. Ümmətin yükünü çəkən, dərdinə yüklənən insanların alın təri...

O torpaqlara gələn hər kəs: "Ey Rəbbim! Atam Adəmin tikdiyi, İbrahimin bərpa etdiyi evin başına dönmək üçün, günahlardan təmizlənib təzə doğulmuş kimi günahsız olmaq üçün mən də gəldim. Öz ata yurduma, isti ocağıma gəldim. Tam təslimiyyətə gəldim. Atam İbrahim çağırdı, gəldim. Anam Həcərin təslimiyyətini yaşamağa gəldim. Konfortumu və rahatlığımı tərk edib, ilk başlanğıca dönmək, kim olduğumu bilmək, əsl dəyərləri anlamaq üçün gəldim...”
Sevənlərin vüsal yeri olan Kəbəyə gəldim. 
Ayrılıqların bitdiyi məkana gəldim. 
İnsanlığın ortaq dəyərlərinə sahib çıxmağa gəldim.
Varisəm! Vərəsəliyimi təsdiqə gəldim!
İsmayılımın dodaqları susuzluqdan cadar-cadar olub. Ona zəm-zəm axtarmağa gəldim. Say etməyə gəldim. 
Sənin dəvətinə gəldim...
Qəbul edərsənmi?!"




Rəylər




Rəy bildir